Tələbənin ölümünə görə BDU əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub

Oxunma sayı: 665
4-09-2020, 00:44

Tələbənin ölümünə görə BDU əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub
Ötən ilin sonunda Bakı Dövlət Universitetinin bir tələbəsinin ölümü, digər ikisinin zəhərlənməsinə görə universitetin əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub, Baş Prokurorluq bildirib.

2019-cu il noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında universitetin tələbələri Şəkər Xasmətova vəfat etmiş, Dilrubə Quliyeva və Həmidə İbadova zəhərlənmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin "səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanmışdı.


Baş Prokurorluq bildirib ki, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun "ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına" əsaslı şübhələr müəyyən edilib.

Qurumun məlumatında deyilir ki, Pərvaz Əsgərov "işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib, vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyib".

Pərvaz Əsgərov barəsində "başqa yerə getməmək haqqında iltizam növündə" qətimkan tədbiri seçilib və iş Yasamal Rayon Məhkəməsinə göndərilib, Baş Prokurorluq bildirib.

Pərvaz Əsgərovun ittihamlara mövqeyi bəlli deyil.//BBC

Paylaş
Xəbər lentİ