"Mən bunu bacardım" - Berlin polisinin azərbaycanlı komissarı Lana Atakişiyeva - FOTO

Oxunma sayı: 265
2-09-2021, 08:26

"Mən bunu bacardım" - Berlin polisinin azərbaycanlı komissarı Lana Atakişiyeva - FOTO
Həmyerlimiz Lana Atakişiyeva Berlinin ən təhlükəli rayonlarından birində polis inspektoru kimi çalışır.

Soydaşımız paytaxtın Neuköln bölgəsində ən ağır cinayətlərin araşdırılması və yaşamaq ümidini itirən qadınlarla məşğul olur. Almaniyanın nüfuzlu "Tagesspiegel" nəşri yazır ki, 2003-cü ildə 15 yaşında Azərbaycandan Berlinə gələn və o zaman alman dilində bir kəlmə olsun belə danışmayan bu polis qızın həyatından bəhs edən kitab çıxıb. "Almaniyada təhsil aldığım bütün məktəblərdə hər kəs uğur qazanmayacağımı söyləyirdi" deyə Atakişiyeva kitabda yazıb. "Yalnız çalışqanlıq, daimi təhsil və müəllimlərin dəstəyi sayəsində bu çətin yolu keçə bildim. Uğurlarıma görə valideynlərimə də borcluyam" - deyə Lana xatırlayır. "Anam hər zaman təkidlə beynimizə yeridirdi ki, dərslərə hazırlaşaq", - deyə soydaşımız bildirib.

Məqalədə qeyd edilir ki, Berlin polisi hazırda mühacir ailələrindən özü üçün yeni işçilər axtarır. Gələcək komissarlar çox çətin testlərdən keçməlidir. İndi Lana təkcə alman dilində deyil, həm də rus və türk dillərində danışır. Mayamidəki ABŞ polisində təcrübə keçərək Neuköllndə xidmətə qayıdıb. "Burada aqressiv insanlarla tez-tez rastlaşmaq olur. Bəzən kiçik bir hadisə böyük bir alova çevrilir. Balanssız, sərxoş, ümidsiz vəziyyətdə olan, narkotika təsiri altında olan, içləri qəzəblə dolu çox insana rast gəlirsən. Əgər əlində silah da varsa, hər şey daha da mürəkkəbləşir", - Lana öz işini təsvir edir.

Lana bir neçə dildə danışdığına görə qadın miqrantlara kömək edir. Bir çox qarşıdurma və şiddət hadisələri, fərqli cəmiyyətlərin və mədəniyyətlərin toqquşması ilə, ümidsiz qadınların təcavüzkar ərlərinin "himayəsindən" azad edilməsi ilə əlaqədardır. Lana nəinki çətin vəziyyətdə olan qadınlara kömək edə bilər, həm də cinayətləri araşdıra bilər. Kitabda o vaxtdan baş müfəttiş vəzifəsinə yüksələn Atakişiyevanın illərdir İnstaqramda kifayət qədər məşhur olduğu qeyd edilmir. Forma və axşam paltarında fotoşəkilləri olan Lananın hesabının indi təxminən 70.000 izləyicisi var.

Paylaş
Xəbər lentİ