Monitorinq Mərkəzi üçün niyə Ağdam seçildi? - Politoloq

Oxunma sayı: 323
7-12-2020, 17:32

Monitorinq Mərkəzi üçün niyə Ağdam seçildi? - Politoloq
Ağdamın Qarabağ üçün strateji və coğrafi önəmi böyükdür. Heç təsadüfi deyil ki, düşmənin ən güclü müdafiə xətti də məhz burada idi. Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsi təkcə bu gün üçün deyil, gələcək perspektiv üçün də hesablanıb.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, bu mərkəzin Ağdamda yerləşdirilməsi sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərin monitorinqinin aparılması üçün çox əlverişlidir:

“Bu imkan yaradır ki, nəzarət həm şimal, həm də cənub istiqamətlərində proporsional şəkildə aparılsın. Ağdam sanki keçmiş Dağlıq Qarabağı iki hissəyə parçalayır. Buradan Xankəndiyə 25 km, Ağdərəyə təxminən 18-20 km, Xocəvəndə təxminən 30 km-lik məsafə var. Bu o deməkdir ki, monitorinq mərkəzinin Ağdam ərazisinə təyin edilməsi heç də təsadüfi deyil.

Bu günə qədər birgə monitorinq mərkəzinin harada olacağı ilə bağlı bir çox versiyalar səsləndirildi. Hətta bu versiyalardan biri də Şuşa şəhəri idi. Lakin coğrafi və hərbi-strateji nöqteyi-nəzərdən Ağdam daha əlverişlidir. Ağdam vasitəsilə keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinin təhlükəsizliyi təmin ediləcək, eyni zamanda gələcəkdə burada mümkün separatçı aktivliyinin də qarşısı alınacaq.

Bu, əslində vacib bir nüansdır, çünki bir çox insan bu gün elə düşünür ki, üçtərəfli Bəyanatın imzalanması, rus hərbçilərinin regiona gəlişi münaqişənin 27 il əvvəlki vəziyyətə qayıtması ilə nəticələndi. Bu, yanlış düşüncədir. Çünki ilk növbədə nə Azərbaycan 90-cı illərdəki hərbi və siyasi cəhətdən zəif ölkədir, nə də hazırkı dövrün siyasi prosesləri 90-cı illərdəki kimidir.

Düşünürəm, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsi həm regionda erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə daha tez inteqrasiyasını təmin edəcək, həm də gələcəkdə separatçı fəaliyyətin qarşısını alacaq”.

Paylaş
Xəbər lentİ