Zahid Oruc pensiya yaşının artırılmasına qarşı çıxdı

Oxunma sayı: 707
12-03-2017, 20:25

Zahid Oruc pensiya yaşının artırılmasına qarşı çıxdı


Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc bir sıra prinsipial məqamlara toxunub.

arasdirma.info modern.az-a istinadən bildirir ki, millət vəkili işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsinin ciddi problemlər yaradacağını deyib: "Faktiki olaraq Fondun büdcəsinə daxilolmalar əsasən dövlət hesabınadır.Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatları tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli insanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənaət rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar".
Zahid Oruc, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb:
"Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması" müddəasına zidd olacaq.
Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsilçiliyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər".
Millət vəkilinin fikrincə, problemin həlli üçün birdən-birə artıma deyil, 6 ay prinsipi ilə vətəndaşlara yanaşılmalıdır ki, dövlət qulluğunda çalışma prestijli olaraq qalsın.
O, eyni zamanda,hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib.
"Çünki xarici və daxili təhlükəsizlik sahəsində çalışanların əmək fəaliyyəti digər kateqoriya insanlardan köklü şəkildə fərqlənir".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisdə səsə qoyularaq qəbul edilib. Bununla da pensiya yaşı qadınlar və kişilər üçün 65 yaş müəyyən olunub.

Paylaş
Xəbər lentİ