BNA-ya dövlətdən ayrılan milyonlar necə talan edilib? - ARAŞDIRMA

Oxunma sayı: 158
14-04-2022, 00:04

BNA-ya dövlətdən ayrılan milyonlar necə talan edilib? - ARAŞDIRMA
Bakı Nəqliyyat Agentliyi (BNA) 2015-ci il dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Bu ilin fevral ayının 7-də Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verildi. Eyni zamanda agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verildi.

Uzun zamandır ki, BNA-nın paytaxtın nəqliyyat təsərrüfatında uğur qazana bilmədiyindən bəhs olunur. Yerli mediada BNA rəhbərinin dövlət investitsiyaları hesabına şəxsi maraqlarını təmin etdiyinə dair iddialar tirajlanır. Lakin bununla belə ortada olan əsas məqamlardan biri də odur ki, artıq ləğv edilmiş qurumun fəaliyyəti ilə bağlı araşdrımalar başlayıb.

Ortaya isə kifayət qədər ciddi yeyinti faktları çıxıb. Məlum olur ki, BNA rəhbərliyi son 7 il ərzində dövlət zəmanəti ilə alınan investitsiyaları təyinatı üzrə xərcləməyib.

Arasdırma.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlamaların nəticəsində ortaya ciddi faktlar çıxıb. Hesablama Palatasının apardığı audit zamanı məlum olub ki, Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluq auditinin nəticələri üzrə Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatın İntellektual idarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi çərçivəsində müəyyən işlər görülüb.

Ancaq yoxlama nəticəsində tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165 milyon 836 min 9 00 manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 03 aprel tarixli müqavilələrlə) əməliyyatları başa çatmadığı üzə çıxıb. Eyni zamanda, həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi şəraitində Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Yəni buradan belə anlaşılır ki, əslində BNA müvafiq olaraq nizamnamə kapitalını artırmalı olduğu halda “BakuBus” MMC-yə milyonluq əmlak əldə etmə şansı yaradıb. Nəticə etibarilə də dövlətin investitsiyaları müvafiq olaraq dövlətin qurumunun inkişafına deyil, bir MMC-nin inkişaf etdirilməsinə yönəlib. Hansı ki, “BakuBus” MMC üçün dövlət zəmanəti ilə alınan avtobuslarla bağlı olaraq investitsiya proqramlarının tələbləri pozulub.

“Hürriyyət”in araşdırmaları zamanı məlum olub ki, agentlik yarandığı gündən bəri heç bir maliyyə ilini ziyansız başa vurmayıb. Əlimizə keçən ən son maliyyə hesabatı 2020-ci illə bağlıdır.

Müvafiq maliyyə ilinə dair hesabata əsasən BNA 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurub. Agentliyin yaydığı sonuncu rəsmi maliyyə hesabatında göstərilir ki, ortada olan ziyan 2019-cu illə müqayisədə 29,1% çoxdur. Son nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manat olub.

2020-ci ildə BNA-nın əsas əməliyyat gəlirləri 9,936 milyon manat (36% az), sair əməliyyat gəlirləri 248 min manat (2019-cu ilə nisbətən 74,4% az), xarici valyuta ilə əməliyyat gəlirləri 26 min manat (2019-cu ildə zərər olub), digər gəlirləri 550 min manat (2019-cu ildə zərər olub), əməliyyat xərcləri 31,479 milyon manat (81,8% çox) əmək haqqı və işçilərlə bağlı digər xərcləri 6,356 milyon manat (42,8% çox), amortizasiya xərcləri isə 71,648 milyon manat (4,5% çox), təşkil edib.

Göründüyü kimi BNA idarəedilmə yanlışlıqları səbəbindən 2019-cu ili də də ziyanla başa vurub. Bu qurumla bağlı ortada olan şübhələrdən biri də odur ki, qurumun rəhbəri Vüsal Kərimli əsasən şəxsi maraqları üçün istifadə edib. Yerli mediada onun dövlət sifarişi əsasında avtobuslar alınması ilə bağlı alqı-satqı müqavilələrində şişirtmələrə yol verdiyi və bunu şəxsi qazancı olaraq mənimsədiyinə dair iddialar var.

Məsələn araşdırmalarımız zamanı məlum olur ki, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Söhbət 2019, 2020, 2021-ci illərdən gedir. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə yalnız bir qurum “Yol Xətt” MMC olub. İddialara əsasən “Yol Xətt” MMC BNA İdarə Heyyətinin sədri Vüsal Kərimlinin ailə üzvlərinə məxsusdur. Məhz bu amil adıçəkilən MMC-nin bir qayda olaraq tenderlərdə qalib olmasına səbəb olub. Bundan başqa Bakı Şəhəri üzrə avtobus dayanacaqlarında yenidənqurma və müasirləşdirmə işləri ilə bağlı maliyyələşmə də ciddi şübhələr var. İlkin məlumatlara əsasən Nəqliyyatın İntelektual İdarəetmə Sistemi üzrə də götürülən öhdəliklərə dair işlər yekunlaşmayıb. Redaksiyamıza daxil olan informasiyalara əsasən hazırda Bakı Şəhər İcra Hakimiyyətində son 7 illik maliyyə hesabatlarına dair audit yoxlamaları aparılır. Bildirilir ki, aparılan maliyyə yoxlamaları təkcə Hesablama Palatası ilə yekunlaşmayacaq.

Araşdırmalarımız zamanı məlum olub ki, əslində BNA-da daha çox bacarıqlı və peşəkar kadrların yer almasına deyil, daha çox qohumluq və tanışlıq qaydalarına uyöğun olaraq kadrların seçilməsi və yerləşdirilməsi həyata keçirilib. İlkin məlumatlara görə, Vüsal Kərimli BNA-nın əsas bazası olan “Baku-bus”da qohumlarını həlledici məqamlara yerləşdirib. Məlumata əsasən onun əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlu yaxın qohumu sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub. V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub. V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə “İTT” adlanan şöbənin müdiridir. V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir. Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində rəhbər vəzifədədir.

Hazırda ən sonuncu maliyyə ili ilə yanaşı yarandığı gündən Bakı Şəjhər İcra Hakimiyyətinə birləşdirildiyi zamana qədər olan dövrlə bağlı audit və maliyyə yoxlamalarının həyata keçirildiyi söylıənilir. İlkin olaraq dövlət zəmanəti ilə idxal edilən avtobuslar və onların ehtiyat hissələri ilə bağlı olaraq araşdırmaların aparıldığı söylənilir. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.//hurriyət

Paylaş
Xəbər lentİ