Oksigen yox, toz uduruq!

Oxunma sayı: 33
21-02-2024, 21:30

Oksigen yox, toz uduruq!
Bakıda havada tozun miqdarı normanı 2 dəfə keçib, ehtiyatlı olmağa dəyər.
Bakı yenə toz-dumana bürünüb. Şəhərin toza bürünməsini adi gözlə belə, müşahidə etmək olar. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, Bakı və Abşeronda havada tozun miqdarı normadan 1.7- 2 dəfə artıqdır.


Havada tozun miqdarının normanı bu qədər keçməsi o deməkdir ki, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanların sağlamlığı təhlükədədir. Həmin şəxslər belə havada daha diqqətli olmalıdır.

Maraqlıdır, havadakı toz miqdarının bu qədər artması, normanı keçməsinin səbəbi nədir? Və bu vəziyyət nə qədər davam edəcək?

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupununun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, peyk görüntülərinə və proqnoz modellərinə əsasən, tozlu hava şəraitinə gecə saatlarından başlayaraq toz hissəciklərinin cənub-şərq istiqamətli hava axınları vasitəsilə Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadasına daxil olması səbəb olub. Onun sözlərinə görə, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq bir neçə gün ərzində davam edəcəyi gözlənilir.

Mütəxəssis qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər: “Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”.

Həqiqətən də, tozlu hava şəraiti insanların sağlamlığına zərər vurur. Amma bundan ən çox əziyyət çəkənlər isə tənəffüs yolları xəstəlikləri olan şəxslərdir. Bu cür hava şəraiti onların xəstəliklərini daha da kəskinləşdirə bilər.

Bəs həmin şəxslər tozlu hava şəraitində özlərini necə qorumalıdır? Tozlu havalar insanların sağlamlığına hansı təhlükəni yarada bilər?

Pulmonoloq Əsəd Beydullayev Pressklub.az-a açıqlamasında bildirib ki, bu cür hava şəraiti ən çox allergiya və astma xəstəliyi olanlara mənfi təsir göstərir. Nəticədə onların xəstəliyi daha da kəskinləşir.

“Havada olan toz hissəcikləri çoxlu kimyəvi maddələrin qarışığından ibarətdir. Bu maddələrin tənəffüs yollarına düşməsi insanlarda fərqli klinik vəziyyətlər meydana çıxara bilər”.

Pulmonoloq deyib ki, məsələnin digər tərəfi xronikdir. Bakıda yaşayanlar rayonlarda yaşayanlara nisbətən daha çox tozlu hava qəbul edir. İllərlə ağciyərimizə təsir edən toz fərqli interstisial ağciyər xəstəliklərinin (öskürək və nəfəs darlığı – red.) meydana çıxmasına səbəb olur: “Bu cür interstisial ağciyər xəstəliklərinin başlıca səbəbi ətraf mühitin tozlu olmasıdır. Amma bunun digər səbəbi də avtomobillərin havaya buraxdığı zəhərli tüstülərdir. Bu tüstülər havadakı tozla qarışır və insanları daha da həssaslaşdırır”.

Doktor bu cür hava şəraiti zamanı qorunmağın yollarından da danışıb. O, tozlu və küləkli havalarda insanlara, xüsusilə də astma və ya tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərə gündüz vaxtlarında gəzintiyə çıxmamağı tövsiyə edib. Çıxmaq zəruri olduqda isə qoruyucu maskalardan istifadə etməyin faydalı olduğunu söyləyib.

Müsahibimiz sonda qeyd edib ki, bu məsələ ilə ciddi mübarizə aparılmalıdır: “Tikinti gedən yerlərdə tozun yayılmasının qarşısının alınması üçün binalar xüsusi örtüklərlə örtülməlidir. Həmçinin, zamanla elektrik avtomobillərinə keçid artarsa, havadakı qazın, tozun miqdarı azala bilər”.

Bakı onsuz da tozlu və küləkli iqlim şəraitinə sahibdir. Bir yandan da bu cür əlavə təsirlər havanı daha da korlayır. Ona görə də, havanı təmiz saxlamaq üçün əlimizdən gələni etməliyik. Belə havaya qarşı həssas olan insanlar isə özünü daha çox qorumalı, həkim məsləhətlərinə əməl etməlidir.

Unutmayaq ki, aldığımız hava nə qədər təmiz olarsa, sağlığımız və orqanizmimiz də bir o qədər gənc qalar.

Paylaş
Xəbər lentİ