Toplum TV-də polis reydi: saxlananlar var

Oxunma sayı: 31
7-03-2024, 00:05

Toplum TV-də polis reydi: saxlananlar var
Toplum TV internet kanalının ofisində və "əlavə digər ünvanlarda" polis çərşənbə günü əməliyyat-axtarış tədbirləri həyata keçirib, Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildiriblər.

BBC Azərbaycanca müxbirləri Toplum TV-nin ofisində axtarışların yekunlaşdığını və media qurumunun qapısının möhürləndiyini bildiriblər.

Hələlik internet televiziyanın bir əməkdaşı Fərid İsmayılovun saxlandığı məlumdur, lakin media qurumunun bir neçə əməkdaşının da saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.

Lakin idarə bu iddianı nə təkzib, nə də təsdiq etməyib. Daxili İşlər Nazirliyindən bununla bağlı hələlik cavab almaq mümkün olmayıb.


Müxbirlərimiz hazırda polis idarəsinin qarşısında prosesi izləməyə çalışırlar, lakin polis əməkdaşları jurnalistləri oradan da uzaqlaşdırıb.

DİN sözçüsü Elşad Hacıyev bildirib ki, həmin ünvanda "bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib", lakin qurumun rəsmisi detallara toxunmayıb.

O, aparılan axtarışlarla bağlı cəmiyyətə əlavə məlumatın veriləcəyini bildirib.

Toplum TV-də polis reydi: saxlananlar var
Toplum TV-nin ofisində axtarış bitib, qapısı möhürlənib

Toplum TV-nin aparıcısı Alya Yaqublu polislərin axtarış aparmalarının heç də “sürpriz olmadığını” bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “hakimiyyətyönlü media bir neçə vaxt idi ki, müstəqil mediaya qarşı kampaniya” aparırdı və adları çəkilən medialar arasında Toplum TV-nin də adı olub.

Toplum TV müstəqil, tənqidi media qurumu kimi 2016-cı ildən etibarən fəaliyyət göstərir.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl BBC Azərbaycancaya açıqlamasında bəzi əməkdaşların “polis maşınına oturdularaq, aparıldığını” bildirib.

“İndi əməkdaşlarımın taleyi ilə maraqlanıram ki, görüm hara aparırlar”, - Xədicə İsmayıl deyib.

Onun sözlərinə görə, polisin apardığı axtarışların “yalnız bir səbəbi var, medianı susdurmağa çalışırlar”.

“Ölkədə heç bir tənqidi səs çıxmasın deyə, azad söz olmasın deyə atılan addımların davamıdır. Bircə onu bilirəm ki, biz heç bir cinayət işi üçün hüquqi əsas verməmişik”, - o əlavə edib.

Paylaş
Xəbər lentİ