Məktəblər ləğv olunur: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Oxunma sayı: 24
21-03-2024, 16:39

Məktəblər ləğv olunur: Şagird və müəllimlərin aqibəti necə olacaq?
Son günlər məktəblərin birləşdirilməsi məsələsi daha da aktuallaşıb.

Xüsusilə də sosial şəbəkələrdə, təhsil qruplarında məktəblərin birləşdirilməsi geniş müzakirələrə səbəb olub. Bəzi müəllimlər və yaxud valideynlər məktəblərin birləşməsini normal hesab edir, digərləri isə həm şagirdlər, həm müəllimlər üçün çətinlik yaradacağını deyirlər. Müəllimlər isə əsasən məktəblər birləşdikdə iş yerlərini itirəcəkləri düşünürlər. Xatırladaq ki, hələ ötən ilin sonunda Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov bildirmişdi ki, 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub:

"Bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur. Bu il də bənzər addımlar atılıb.

Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir. Şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur".

Agentlik rəhbəri bildirib ki, şagirdlərin bu hallarda daşınması üçün avtobuslar ayrıla bilər:

"Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun.

Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə uşaqların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini daha məqsədəmüvafiq hesab edirik. Belə hallar çoxdur.

Bu halların hamısını ölçmək, qiymətləndirmək, daha düzgün qərarlar vermək üçün vaxt lazımdır. Bu, bir günlük, bir saatlıq iş deyil. Elə qərarlar verilməlidir ki, sonradan yan təsirləri olmasın. Düşünürük ki, gələn il bu istiqamətdə çox ciddi addımlar atılacaq".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü açıqlamışdı. Nazir təhsilin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü, bu mənada bərabərliyi təmin etmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulamışdı.

Son günlər yenidən gündəmə gələn məktəblərin birləşdirilməsi məsələsi nə dərədəcə realdır? Bu, şagird və müəllimlər üçün hansı imkanlar və problemlər yaradacaq?

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebhe.info"-ya bildirdi ki, ölkədə 4432 orta ümumtəhsil məktəbi var və həmin məktəblərdə 1,6 milyon şagird təhsil alır:


"Azərbaycanda orta təhsilin əlçatanlığı 100 faizdir. Bir şagirdə il ərzində 7 min manatdan çox vəsait xərclənir. Bəzi məktəblər var ki, onlar ucqar ərazilərdə yerləşir və orada şagird sayı kifayət qədər azdır, o qədər də keyfiyyətli tədris təşkil olunmur. O məktəblərdəki şagird sayı kifayət qədər azdır, onlar yaxın ərazilərdəki digər məktəblərə birləşdirilməlidir. Əlbəttə ki, bu, bütün məktəblərə şamil olunmayacaq. Bir məktəbdən digərinə ayaqla 20 dəqiqəyə getmək mümkündürsə, o məktəblər birləşdiriləcək. Yaxud Quba, Qusar, Daşkəsən, Gədəbəy, Lerikdə dağlıq ərazilərdə olan məktəblər var. O demək deyil ki, həmin məktəblər birləşdiriləcək”.

Ekspert bildirib ki, məktəblərin birləşdirilməsi həm də müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək:

“Çünki az şagirdi olan məktəblərdə müəllimlərin aldığı əmək haqqı kifayət qədər aşağıdır. Bu və ya digər məktəblərə köçürüləndə onların dərs saatı artacaq. Həmçinin, bu, şagirdlər üçün rəqabətli mühit yaradacaq. Hansı ərazilərdəki köçürmə həyata keçiriləcək, hökumət orada avtobus təşkil etməlidir.

Yəni bir məktəbdən digərinə məsafə nə qədər uzaq olarsa, avtobuslar yalnız məktəbliləri daşımalıdır.

Hesab edirəm ki, bu, daha yaxşı və effektlidir. Çünki şagird sayı az olan məktəblər bir çox hallarda ibtidai, 9 illik məktəblərdir. Onsuz da uşaqlar XI sinifə qədər oxumaq üçün digər ərazilərə gedirlər.

Məhz bu dəyişiklik onlara sonradan problem yaradır. Məktəblərin birləşməsi həm müəllimlərin əmək haqqı, həm də təhsilin keyfiyyəti üçün lazımdır. Çünki rəqabət mühiti yaranır. Ancaq bütün hallarda diqqətli olmalıyıq. Hansı ərazilərdə ki, bu birləşməni həyata keçirəcəyik, şagirdlərin qış aylarında, qarda, yağışda getməsi üçün avtobusların təşkili effektiv olar. Bir daha deyim ki, ayaqla getmək məsafəsi 20 dəqiqədən artıq olacaqsa, o məktəblər birləşdirilməyəcək. Məsələn, Xaçmazda, Qubada elə məktəblər var ki, yaxın məsafəsində vaxtilə çox əhali yaşayıb, indi əhali ordan köçüb, gənc nəsil gəlmir. Oradakı məktəblərdə şagird sayı 2-3-4 nəfərdir. Qubada 1 şagirdi olan məktəb var ki, orada müəllim əmək haqqı ala bilmir. Ancaq həmin məktəbin 10-15 dəqiqəlik məsafəsində başqa məktəb var. Bu məktəblərin birləşdiirlməsi müəllimlərin əmək haqqına müsabət təsir edəcək".

Paylaş
Xəbər lentİ