AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİ

Oxunma sayı: 135
1-10-2023, 21:16

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİ

Abduləli Abdullayev :-Heydər Əliyev bütün sahələrin kadrlarını diqqətlə izləyirdi.
Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Ümummilli lider Heydər Əliyevin əsəri kimi dəyərləndirilən Azərbaycanın uğurlarından bəhs edərkən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərin bazası əsasında müstəqillik tariximizdə həyata keçirilən tədbirlərə baxış keçirmək zəruridir.
1969-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malik olan Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün genişmiqyaslı işlər görmüşdür.
XX əsr Şimali Azərbaycanın tarixi taleyində mühüm rol oynamış, bu yüzillikdə xalqımız iki dəfə öz siyasi müstəqilliyinə qovuşmuş, siyasi, iqtisadi, mədəni-mənəvi sahələrdə bir sıra vacib nailiyyətlər qazanmışdır. Şimali Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial yaranmış, xalqın təhsil, mədəni səviyyəsi xeyli artmış və iqtisadiyyatın yeni sahələri təşəkkül tapmış, maddi rifahı yaxşılaşmışdı.
1960-cı illərdə respublika iqtisadiyyatında mənfi meyillər də özünü göstərməyə başlamışdı. Azərbaycan SSR elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinə, milli gəlirin artım sürətinə, əməyin məhsuldarlığına görə ittifaq göstəricilərindən xeyli geri qalırdı. İqtisadiyyat sahəsində olan çatışmazlıqlar əməkçilərin maddi rifah halının yaxşılaşmasındakı problemlərin həllinə mənfi təsir göstərirdi. Bütün bunlar 1960-cı illərdə respublika iqtisadiyyatının bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyduğunu göstərirdi. Yaranmış vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipcə yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi [2].
Respublikanı bürümüş iqtisadi və mənəvi böhranın başlıca səbəblərindən biri isə vəzifədən sui-istifadə, rüşvətxorluq şəraitində kütlələrin təşəbbüskarlığının zəifləməsi, mənəvi narahatçılığın hökm sürməsi idi. Belə vəziyyətdə əhalinin bir çox təbəqələrində məyusluq, laqeydlik əhval-ruhiyyəsi yaranmış, xalqın qanunun aliliyinə inamı sarsılmışdı. İlk növbədə, xalq arasında rəhbərliyə inam hissi bərpa edilməli idi və cəmiyyətin idarə olunmasında onun yaxından iştirakına nail olunmalı idi.
Nəticə etibarı ilə, respublikanın bürüyən ağır problemləri dərk edən, vəziyyətdən çıxış yollarını bilən siyasi iradəyə malik, xalqı öz arxasınca aparmağa qadir olan, qətiyyətli və yeni təfəkkürlü siyasi liderə ehtiyac duyulurdu. Azərbaycan xalqı məhz Heydər Əliyevin simasında bu keyfiyyətlərə malik öz liderini tapmış oldu.
1969-cu il Azərbaycan xalqının ən yeni tarixində dönüş ili oldu. Həmin ilin iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi vəzifəsinə seçilməsi ilə xalqın taleyində mütərəqqi dəyişikliklər dövrü başlandı.
Respublikada mövcud olmuş iqtisadi geriliyin səbəbləri Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il avqust plenumunda hərtərəfli təhlil olundu. Bu səbəblər, əsasən, iqtisadi planlaşdınlmada buraxılan səhvlər və rəhbərlikdə yol verilən məsuliyyətsizlik, tənqid və özünün tənqidin aşağı səviyyədə olması ilə birbaşa bağlı idi.
Əsas səbəb isə kadrların seçilməsinə, yerləşdirilməsinə və tərbiyə olunmasına aid qəbul edilmiş prinsiplərin kobud şəkildə pozulması idi. Yetkin olmayan, siyasi və mədəni cəhətdən geri qalmış adamlar məsul vəzifələrə irəli çəkilirdilər. Kadrları yerliçilik və şəxsi sədaqət əlamətlərinə görə, çox vaxt vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə edən rəhbər işçilərin himayəçiliyi ilə seçmək halları geniş yayılmışdı. Vəzifəsinin öhdəsindən gəlməyən işçiləri bir yerdən başqa yerə, bəzən hətta daha yüksək vəzifəyə keçirmək kimi qüsurlu bir iş qaydası kök salmışdı. Heydər Əliyevin sonralar dediyi kimi, hətta Azərbaycan KP-nin rəhbər özəyinin - MK Bürosunun tərkibində prinsipial birlik, ən əvvəl kadr siyasətində prinsipial birlik yox idi, bunun əvəzində şöhrətpərəstlik iddiaları və xudpəsəndlik məqsədləri ilə bir-birinə qarşı duran qruplaşmalar var idi [5, s.6-7].
Əlbəttə, bütün bunlar təşkilatçılıq işinə, ideoloji işə, təsərrüfat işlərinə, ən əvvəl, kadrların tərbiyəsinə, ictimai şüurun formalaşmasına ciddi ziyan vururdu.
1969-cu il avqust plenumunda Heydər Əliyev respublikada yaranmış ağır vəziyyət haqqında həqiqəti açıq şəkildə dilə gətirdi. Azərbaycan KP MK Bürosunda, Nazirlər Sovetində, bir çox nazirlik və baş idarələrdə olan ciddi nöqsanları və səhvləri aşkara çıxardı. Heydər Əliyev plenumdakı çıxışında iqtisadiyyatda yaranmış vəziyyətin, ümumi məhsulun artım sürəti üzrə Azərbaycan SSR-in orta İttifaq göstəricilərindən və digər respublikalarm göstəricilərindən xeyli geri qalmasının onda ciddi təşviş hissi doğurduğunu bildirdi, geriliyin səbəblərini təhlil edərək, bunu hər şeydən əvvəl, bəzi rəhbər işçilərin etibar edilən iş sahəsi üçün məsuliyyət hissini itirməsi, tabeçilikdə olan müəssisələrə rəhbərliyin səviyyəsinin aşağı olması, lazımi tələbkarlıq və intizamın yoxluğu ilə izah etmişdi. O, diqqəti istehsal prosesinin təşkilindəki nöqsanlara, məhsulun keyfiyyətinin aşağı olmasına, kadr axıcılığına, planların müntəzəm dəyişdirilərək aşağı salınması praktikasına yönəldərək, bu cür qüsurlu iş qaydasına son qoymağı və öz-özünü aldatmaq hallarını aradan qaldırmağı tələb etmişdi.
Heydər Əliyev ideoloji-siyasi işdə, tərbiyə işində, elm sistemində, inzibati orqanların fəaliyyətində, qanunçuluğun möhkəmləndirilməsi sahəsində mövcud olan nöqsanların da geniş elmi təhlilini verərək, ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara göz yummamağı, böhtançıları, mənsəbpərəstləri ifşa etməyi tələb edirdi. O, rüşvətxorluq faktlarına qarşı ən qəti və amansız mübarizə aparmağı, rüşvətxorluğu doğuran səbəblərin kökünü kəsməyi, bu məqsədlə inzibati tədbirlərlə yanaşı, profilaktika işini gücləndirməyi tələb edir, bu halın tamamilə aradan qaldırılması üçün adamlarda və kadrlarda məsuliyyət hissini artırmağın labüdlüyünü bildirirdi.
Heydər Əliyev kadrlarla iş sahəsində ciddi nöqsanlara diqqəti cəlb edərək, bəzi rəhbər işçilərin adamları şəxsi sədaqət, yerliçilik, qohumluq əlamətlərinə və ya dostluq münasibətlərinə görə məsul vəzifələrə təyin etməsi hallarının kök saldığını göstərmişdi. O, işçiləri açıq-aşkar, xalqın gözü qabağında seçməyi, onların haqqında adamların, kollektivin rəyini nəzərə almağı tövsiyə edirdi.
Respublikanın yeni siyasi rəhbərliyi bütün xalqı mövcud nöqsanları aradan qaldırmaq, həyatın bütün sahələrində əsaslı dönüş yaratmaq üçün səfərbər etdi. Bu vəzifələr və onları əməli surətdə həyata keçirmək tədbirləri Azərbaycan KP MK-nın sonrakı plenumlarında da müzakirə olundu. Mövcud olan nöqsanların səbəbləri dəqiqliklə təhlil olundu, idarəetmənin bütün səviyyələrində prinsipial və kəskin söhbətlər aparıldı. Bu kimi proseslər əminlik yaradırdı ki, Heydər Əliyevin siyasi iradəsi sayəsində mövcud böhran halları və nöqsanlar qısa müddətdə aradan qaldırılacaqdır.
1969-1970-ci illər ərzində Azərbaycan KP MK-nın daha dörd (1969-cu il dekabr, 1970-ci il mart, avqust və dekabr) plenumu keçirildi. Həmin plenumlarda partiya, sovet, təsərrüfat orqanlarının fəaliyyəti, sənaye və kənd təsərrüfatında vəziyyət tənqidi surətdə təhlil olunmuş, dövlət intizamını möhkəmləndirmək, kadrların tapşırılan iş üçün məsuliyyətini yüksəltmək, işdə olan nöqsanları aradan qaldırmaq, iqtisadiyyatın yüksəlişini təmin etmək, qarşıda duran iqtisadi və siyasi vəzifələri uğurla yerinə yetirmək üçün konkret proqramlar, lazımi tədbirlər müəyyən edildi. Respublika əhalisinin qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səfərbər edilməsində bu plenumların qərarlarının böyük rolu oldu.
Heydər Əliyevin müəyyənləşdirdiyi və bütün xalqın etimad göstərdiyi yeni strateji xətt respublikanın iqtisadi problemlərinə diqqətin artırılmasına, idarəçilik metodları və üsullarının təkmilləşdirilməsinə, siyasi-ideoloji işin genişlənməsinə səbəb oldu. Bu isə, öz növbəsində, iqtisadiyyata rəhbərliyin səviyyəsinin yüksəlməsinə, dövlət intizamının möhkəmlənməsinə, bütövlükdə, respublikada mənəvi-psixoloji şəraitin sağlamlaşmasına, əhalinin siyasi və əmək fəallığının artmasına şərait yaratdı.
Partiya, dövlət, təsərrüfat rəhbərliyinin bütün sahələrində kadrların seçilməsinə, yerləşdirilməsinə və tərbiyə edilməsinə dair qəbul olunmuş prinsipləri bərpa etmək və bunlara əməl etmək qarşıda duran ən başlıca vəzifə idi. Kadrlara qarşı tələbkarlığın, tapşırılan iş üçün onların məsuliyyətinin artırılması, dövlət intizamının möhkəmləndirilməsi, nöqsanlara qarşı prinsipial və barışmaz mübarizə xətti götürüldü. Bu işə, ilk olaraq, respublikanın ali siyasi rəhbər orqanlarından başlanıldı. Qısa müddət ərzində Azərbaycan KP MK Bürosunun tərkibi, Nazirlər Sovetinin və Ali Sovetin Rəyasət Heyətinin rəhbərliyi əsaslı şəkildə yeniləşdirildi, cəmiyyətə zidd hallara, vəzifədən sui-istifadə edilməsinə qarşı ardıcıl mübarizə aparıldı. Kadrlarla iş sahəsində normalara zidd halların aradan qaldırılması həm də «kadr məsələlərini əsassız və qərəzkarlıqla həll etməyi özləri üçün normaya çevirmiş rəhbər işçilərin şüurunu dəyişdirməyi tələb edirdi» [5, s.8]. 1969-1970-ci illərdə bir çox rəhbər işçilər dəyişdirildi. Onların əksəriyyəti işdə ciddi nöqsanlara yol verdiyinə görə vəzifədən çıxarıldı, partiya xətti ilə cəzalandırıldı, bəziləri isə cinayət məsuliyyətinə cəlb edildi. Bu, əslində, kadrlar sahəsində işin birinci mərhələsi idi və bu mərhələ XXVIII qurultayadək başa çatdırıldı.
Heydər Əliyevin siyasəti bütün xalq tərəfindən bəyənilir və müdafiə edilir, insanlarda qanunların aliliyinə, ədalətin zəfər çalacağına inam doğururdu. Bunu respublikanın ali siyasi orqanlarına daxil olan məktubların məzmunu da təsdiq edirdi. Əgər əvvəlki dövrdə əhalinin müxtəlif təbəqələrindən göndərilən məktublarda, əsasən, şikayətlər üstünlük təşkil edirdisə, indi insanlar ayrı-ayrı müəssisə və təşkilatların işini yaxşılaşdırmaq haqqında əməli təkliflərlə müraciət edir, respublikada geriliyə mümkün qədər tez son qoyulmasına maraq göstərməyə başlamışdılar. Görülən tədbirlər və respublikada yaranmış şərait əvvəllər səhvlərə yol vermiş, lakin öz vəzifələrində qalmış kadrların da düzgün yola qədəm qoyacağına, müasir tələblər ilə ayaqlaşacağına ümid yaradırdı. Lakin köhnə səhvlərindən və baxışlarından xilas ola bilmədikdə, onlara qarşı da təşkilati tədbirlər görüldü. Kirovabad, Qazax, Tovuz, Şəmkir (keçmiş Şamxor), Sabirabad, Lənkəran, Göyçay, Kəlbəcər, Abşeron, Zaqatala, Kürdəmir, Mingəçevir, İliç, Daşkəsən, İsmayıllı, Ağdam partiya komitələrinin birinci katibləri, bir sıra nazirlik və komitələrin - daxili işlər, səhiyyə, sənaye tikintisi tikinti materialları nazirliklərinin, Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsinin rəhbərləri və başqa məsul işçilər işdə nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edildilər və cinayət məsuliyyətinə cəlb edilirdi.

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİ

Heydər Əliyev yararsız işçilərin bir məsul vəzifədən götürülərək başqasına təyin edilməsinin həm işə, həm də kadrların tərbiyəsinə ziyan vurduğunu, kadrların tərkibini korlayanlardan tam ciddiyyətlə məsuliyyət tələb etməyin zəruriliyin çoxsaylı faktlarla sübut edirdi. O öyrədirdi ki, «elmi-texniki inqilab şəraitində yenilik hissi, qabaqcıl təcrübəni, novator üsullarını görmək, öyrənmək və yaymaq bacarığı hər bir rəhbər işçinin ümdə keyfiyyəti olmalıdır, çünki yenilik hissi iqtisadiyyatda, elm və mədəniyyətdə yüksək nəticələr əldə olunmasını təmin edir. Bizim ümdə vəzifəmiz işdə yeniliyin əhəmiyyətini daha da yüksəltməkdir, təşəbbüsü hər vasitə ilə təşviq etməkdir. Təşkilatçılıq, tərbiyə və təsərrüfat fəaliyyətinin daha maraqlı və təsirli üsullarına və metodlarına hamının yiyələnməsinə nail olmaqdır» [4, s.80-82].
Sovet dövləti və partiya kadr siyasəti üçün ənənəvi sayılan iş üsulları - rəhbər kadrların uzun müddət bir vəzifədə saxlanılması və ya tez-tez və əsassız olaraq dəyişdirilməsi, orta pillə kadrlarından lazımınca istifadə edilməməsi, ixtisas hazırlığı olmayan rəhbər işçilərin xüsusi çəkisinin son dərəcə yüksək olması və onların öz ixtisaslarını artırmaq üçün şəraitin olmaması Heydər Əliyevi ciddi narahat edirdi.
Eyni zamanda o, qadınların və gənclərin daha geniş şəkildə rəhbər vəzifələrə cəlb edilməsinə çalışırdı. Doğrudur, respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar iqtisadiyyatın, maarif və elmin bütün sahələrində uğurla işləyirdilər, bir çoxu yüksək partiya və dövlət vəzifələrində çalışırdı. 50 rayon və şəhər partiya komitəsində qadın katib var idi, onlardan 6-sı birinci katib idi. Lakin rəhbər vəzifələrdə çalışan qadınların sayı hələ də yetərli deyildi. 553 sənaye müəssisəsindən yalnız 38-nə, cəmi 18 kolxoza və 8 sovxoza qadınlar başçılıq edirdilər. Hətta mütəxəssis qadınların əksəriyyət təşkil etdiyi səhiyyə, maarif, ticarət, məişət xidməti kimi sahələrdə rəhbər vəzifələrdə çalışan qadınların sayı çox az idi. Heydər Əliyev hazırlıqlı qadınları məsul işə cəsarətlə irəli çəkməyi tələb edir, onlara əməli kömək göstərməyi tövsiyə edirdi.
O, eyni zamanda kadrları yeniləşdirməyi, gəncləri daha qətiyyətlə irəli çəkməyi kadr siyasətinin mühüm məqsədi hesab edir və göstərirdi ki, əsas vəzifə həm gənc kadrlardan, həm də təcrübəli kadrlardan əlaqəli şəkildə, düzgün istifadə olunması prinsipinə riayət etməkdən ibarətdir.
Heydər Əliyev inzibati orqanların işçilərinə xüsusi tələbkarlıq göstərməyi, vəzifəsindən sui-istifadə edənlərə qarşı kəskin mübarizə aparmağı tələb edirdi. Qanunçuluğun pozulmasına, yarıtmaz işlədiklərinə görə 1971-1974-cü illərdə Azərbaycan SSR DIN-in respublika üzrə daxili işlər şöbələrinin 14 rəisi, 10 şəhər, rayon və vilayət prokuroru öz vəzifəsindən azad edilmiş, 12 xalq hakimi vaxtından əvvəl geri çağırılmışdı. Xeyli inzibati orqan işçisi partiya məsuliyyətinə cəlb edilmiş, cinayət törətdiyinə görə məhkum olunmuşdu. O, inzibati orqanların fəaliyyətindəki ciddi nöqsanları kadrlarla iş sahəsindəki qüsurlarla əlaqələndirərək, bu işi daim nəzarət altında saxlayırdı.
Hadisə 1978-1980-ci illərdə Tovuz rayonunda daxili işlər şöbələrinin rəis vəzifəsində işlədiyim dövrə təsadüf etmişdir.
Ölkənin hər yerinə yayılan cinayət xəbəri, həqiqətən, sarsıdıcı idi. Azərbaycanın daxili işlər naziri, general-leytenant Arif Heydərov kabinetində keçirdiyi işgüzar müşavirə zamanı güllələnərək öldürülmüşdü. Onunla birgə nazir müavini, general S.Kazımov və köməkçisi podpolkovnik Ə.Səfixanov da qətlə yetirilmişdi.
Atəş açan Şuşa həbsxanasının zabiti Ziya Muradov idi. O, üç adamı öldürəndən sonra özünü də güllələmişdi, intihar etmişdi. Uzun illər bu qətl hadisəsinin müzakirəsi aparıldı, milis kapitanını belə qanlı əmələ sövq edən səbəblər araşdırıldı. Və nəhayət, psixoloji durumu qüsurlu olan bir şəxsin cinayət əməli üzərindəki sirr pərdəsi tamamilə götürüldü.
Ondan sonra Azərbaycan Respublikasının Daxili İşlər nazirliyində böyük dəyişikliklər aparıldı.
Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə Cəfər Vəliyev təyin edilir, Mərkəzi Komitədən inspektor işləyən Manafovu nazir müavini təyin etdilər. Lakin bir ildən sonra Manafov kadrları bərbad vəziyyətə saldığına görə işdən azad olunmuşdur. Sonra Ümummilli liderimiz Heydər Əliyevin xüsusi göstərişi olmuşdur ki, onun icazəsi olmadan heç bir kadrı rəhbər vəzifəyə təyin edilməsin, çünki özü yoxlayandan sonra, məsləhət bilən adamı təyin edəcəkdir. Mən də 1980-1981-ci illərdə Xaçmaz rayonu daxili işlər şöbənin rəisi təyin olunmuşdum. Xaçmazda işlədiyim dövrdə iki il ərzində məni məzuniyyətə buraxmırdırlar, səbəbini də izah etmirdilər. Ancaq sonradan səbəbi aşkar oldu ki, rayon partiya komitəsinın birinci katibi Aslan Nəsibov Heydər Əliyevin qəbulunda olmuşdur və konfransla əlaqədar bir neçə suallar vermiş, bu məsələyə aydınlıq gətirmişdir. Daxili işlər şöbəsinin rəisini raykomun tərkibinə seçirsən və 15-20 gündən sonra onu başqa vəzifəyə təyin edəcəyəm. Bunu da mən bildim, konfransla əlaqədar rayon partkomunun birinci katibi Nəsibov ayrı-ayrı şəxsələrə tapşırıq vermişdir. O cümlədən də həmin günü ictimai asayişin ciddi qorunmasının təmin edilməsi ilə bağlı tapşırıq vermişdir. Təkcə məndən başqa hamının otaqdan getməsinə icazə vermişdir. Təklikdə mənə sual verdi – Səni hara və hansı vəzifəyə aparırlar? Mən dedim ki, hara getdiyimi özüm də bilmirəm. Üstündən 20 gün keçəndən sonra Heydər Əliyevin köməkçisi Rafael Allahverdiyev mənə təlefonla zəng etdi və bildirdi ki, sabah mərkəzi komitəyə gəlməliyəm. Gələndə bu telefonla mənimlə əlaqə saxlayırsan. Mən də səhəri gün Mərkəzi Komitəyə getdim, Rafael Allahverdiyevə zəng etdim və gəlməyimi ona bildirdim. Rafael müəllim isə göstəriş verdi ki, məni onun yanına buraxsınlar. 10-15 dəqiqə qəbul otağında gözlədikdən sonra Rafael Allahverdiyev mənə bildirdi ki, keçə bilərsən və Ulu öndərin yanına getməyimə icazə verdi. Mənimlə görüşəndən sonra, mənimlə üzbəüz oturdu və mənə heç bir söz demədən Qambay Məmmədovla uşaqlıq dostluğundan danışdı. Onunla bir sinifdə oxuduğundan, Leninqrada (indiki Sankt-Peterburq şəhəri) oxumağa getdik. Qambay Məmmədov universitetdə hüquq fakültəsində oxumağa başlayanda, mən isə DTX Akademiyasında oxudum. Dostluğumuzu davam etdirdik. Ali təhsil müəssiləri bitirdikdən sonra qayıtdıq respublikaya. Mən DTX xətti üzrə inspektor kimi fəaliyyətə başladım. Qambay Məmmədov isə müstəntiq kimi fəaliyyətə başlamışdı. Axırda o da, mən də inkişaf etdik, o respublikanın prokuroru oldu, mən isə əvvəlcə DTX-da baş inspektor, sonra isə idarə müavini, və nəhayət I katib oldum. Qambay Məmmədov çoxlu səhvlərə yol verirdi. Ona görə də məcburiyyət qarşısında qalıb onu işdən azad etdim. Bu barədə kütləvi inforvasiya vasitələri ilə ictimaiyyətə xəbərlər yayırdı. Üstündən bir ay keçəndən sonra, respublikanın Ali Sovetində məni sessiyaya dəvət etdilər. Qambay Məmmədov tribunaya qalxıb mənim haqqında böhtan xarakterli sözlər deməklə yanlış ifadələr verməyə başladı, sonradan isə təhqirlərə keçdi. Bu zaman Neftçala və Şamaxı rayonlarının birinci katibləri birlikdə tribunaya qalxdılar. Qambay Məmmədovu tribunadan aşağı salmaq və bayıra çıxartmaq istəyəndə mən onlara dedim ki, lazım deyil, dayanın. Ali Sovetin sədrinə göstəriş verdim ki, Qambay Məmmədovun irəli sürdüyü namizədlərdən ibarət komissiya yaradılsın, faktları yoxlasınlar. Sessiyada deputatlara bildirdim ki, əgər faktlar təsdiq olunsa, mən vəzifədən öz istəyim ilə gedəcəyəm. Təsdiq olunmasa isə səni partiyadan çıxardacağam. Qambay Məmmədov razılığını bildirdi. Belə olan halda yoxlamanın nəticəsindən asılı olaraq, mənə yoxlamadan məlumatlar verildi və Qambay Məmmədovun dediyi sözlərdən heç biri öz təsdiqini tapmadı. Ona görə də büro üzvləri ilə iclas keçirtdim, hamı bir fikir söylədilər ki, nə qərar qəbul etsəniz haqlısınız. Mən də Qambay Məmmədovu partiya sıralarından çıxartdım. Üstündən 1 həftə keçəndən sonra Kreml telefon nömrəsindən mənə zəng gəldi. Zəng edən Leonid Brejnevin özü idi. O mənə bildirdi ki, Qambay Məmmədovu partiyaya bərpa etməliyəm. Mən də ona izah etdim ki, radio və televiziya verilişləri, qəzetlər vasitəsilə əhali məlumatlandırıb. Yaxşı olar ki, əgər siz Qambay Məmmədovu partiyaya bərpa etmək istəyirsinizsə, onu Moskvada partiyaya qəbul edin, ancaq respublikaya geri dönməsin. Əks halda məni vəzifədən azad edin. Mənim fikrimlə razılaşdılar və ondan sonra Qambay Məmmədov respublikaya gəlmədi. Partiyaya qəbul olub-olmaması məsələsi isə mənə məlum olmadı. Ümummilli liderlə söhbətimiz qurtarandan sonra mənə bildirdi ki, dayılara arxayın olma, bir yolla işə gəlib, bir yolla da işdən gedərsən. Kadrlar siyasətində ciddi dönüş yarat, xoşagəlməz hallara son qoy. Çətinliyə düşəndə nazirə müraciət edə bilərsən. Və işin öhdəsindən gəlmək üçün bütün gücünlə səy göstər. Ona görə də büro üzvlərini yığıram ki, səni respublika üzrə kadrlar idarəsinə rəis təyin edim. Bir daha vurğuladı ki, iş prosesində nə çətinliyə düşsən, nazirlə əlaqə saxlaya bilərsən.
Heydər Əliyev kadrlara qarşı tələbkarlığı, intizamın möhkəmləndirilməsi məsələsinə siyasi, iqtisadi vəzifələrin yerinə yetirilməsinin mühüm vasitəsi kimi baxırdı. Onun qənaətinə görə, tələbkarlıq nədəsə təqsirkar olan, qüsur və səhvə yol vermiş adamları cəzalandırmaqla məhdudlaşmamalı, əsl tələbkarlıq kadrların işini daim və dərindən təhlil etməkdən, qəbul olunmuş qərarların yerinə yetirilməsinə ciddi nəzarət qoymaqdan və bu işi müntəzəm yoxlamaqdan, əməli kömək etməkdən və ən son tədbir kimi müvafiq cəza verməkdən ibarət olmalıdır. O, yüksək tələbkarlığı kadrlara hörmət və qayğı göstərilməsi ilə əlaqələndirməyi kadr siyasətinin ən mühüm cəhəti hesab edirdi.
Heydər Əliyev tutduğu vəzifəsindən asılı olmayaraq, heç bir rəhbər kadrın tənqiddən kənarda qalmaq hüququnun olmadığını bildirirdi. Azərbaycan KP MK Bürosunun iclaslarında dəfələrlə bir sıra məsul işçilərin partiya və xidmət intizamını kobud surətdə pozmaları haqqında məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdu. Subyektizmi, volyuntarizmi, kadrlarla işdə nöqsanları aradan qaldırarkən, Heydər Əliyev ən əvvəl rəhbərliyin yaramaz üslub və metodlarını rədd edirdi. Onun nəzərində əsl rəhbər işçi yüksək işgüzar və siyasi keyfiyyətlərə malik olan, təşəbbüsü məsuliyyət dərk etməklə əlaqələndirən, müvəffəqiyyətlərlə kifayətlənməyən, konkret fəaliyyət planı olan, perspektivi nəzərə alan, başlıca problemləri müəyyənləşdirməyi bacaran, qarşısında qoyduğu məqsədə əzmlə irəliləyən təşkilatçı idi. Rəhbərin ən mühüm cəhətlərindən biri kimi, kütlələrlə qırılmaz əlaqədə olmağı xüsusi qeyd edirdi.
O, idarəçilikdə kollegiallığa ciddi riayət olunmasını, bürokratizmə qarşı qəti mübarizə aparmağı tələb edirdi. Partiya-dövlət-sovet sisteminin ciddi məhdudiyyətlərinə baxmayaraq, tənqid və özünütənqidin zəruriliyini vurğulayırdı. Elə şəraitin yaradılmasına çalışırdı ki, hər bir insan öz hüququnu dərk edərək, bu hüquqdan istifadə edə bilsin.
Kadr hazırlığının əsas bazası olan ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması Heydər Əliyevin diqqət yetirdiyi əsas sahələrdən biri idi. Mütəxəssis hazırlığının keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi fikir verilirdi. Onun səyləri nəticəsində abituriyentlərin, əsasən, obyektiv seçilməsi təmin edilmiş, himayəçilik, rüşvətxorluq kimi digər mənfi cəhətlər xeyli azalmışdı. Eyni zamanda o, mütəxəssis hazırlığı sahəsində mühüm problem olan planlaşdırma məsələsinə diqqəti cəlb edərək kadrları gələcəyə, perspektivə nəzər salmaqla hazırlamağı, mütə-xəssis hazırlığı imkanlarını onlara olan tələbata uyğunlaşdırmağı tələb edirdi [5, s.55-60].
Heydər Əliyev rəhbər kadrların əxlaqı məsələsinə də xüsusi önəm verir, onların mənəvi siması ilə mənəvi hüququnun qarşılıqlı şəkildə əlaqədə olmasına diqqəti cəlb edirdi. O göstərirdi ki, rəhbər işçi olmağa yalnız elə adamın mənəvi hüququ var ki, o, dərin ideyalıdır, yüksək dərəcədə əxlaqlıdır, cəmiyyətdə və məişətdə qüsursuz davranış, nöqsanlara qarşı prinsipial münasibət nümunəsidir, partiya və xalq qarşısında öz məsuliyyətini tamamilə başa düşür.
Heydər Əliyev kadr siyasətində himayəçiliyin, onun müxtəlif təzahürləri olan xahişlə işə təyin etdirmək, qohum və dostların havadarlığı ilə irəli çəkmək kimi halların adamların əxlaqını pozduğunu qətiyyətlə qeyd edirdi. Himayəçiliyin ən pis formalarından olan yerliçiliyə qarşı ən qətiyyətli mübarizə aparmağı tələb edir, kadrların yerliçilik mülahizələrinə görə seçilməsini, onların fəaliyyətinin bu baxımdan qiymətləndirilməsini dözülməz hesab edirdi. O əmin idi ki, işçinin yaradıcı fəaliyyəti, mənəvi saflığı onun əməli fəaliyyətinə qiymət vermək üçün yeganə meyar olmalıdır [5, s.65].
Kadrlara tələbkarlığın yüksəldilməsi, dövlət intizamının möhkəmləndirilməsi, idarəetmə metodlarının dəyişilməsi sahəsində görülən işlər sənayenin və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərdi. Artıq 1970-ci ildə milli gəlirin artım sürəti 1966-1969-cu illərdəki göstəricilərdən təqribən iki dəfə artıq oldu. Sənaye məhsulu istehsalı planı vaxtından əvvəl yerinə yetirildi. Eləcə də kənd təsərrüfatı məhsullarının istehsal planları da artıqlaması ilə yerinə yetirilmiş, 1969-cu ildəkinə nisbətən 18% artmışdı. Görülmüş tədbirlər əmək məhsuldarlığının artmasına, əhalinin maddi rifahının yaxşılaşmasına, mədəni səviyyəsinin yüksəlməsinə şərait yaratdı.
İqtisadiyyatın müxtəlif məsələləri müzakirə edilərkən Heydər Əliyev əsas diqqəti idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, kadr problemlərinə, irəli sürülən vəzifələrin həyata keçirilməsində onların məsuliyyət daşımasına cəlb edirdi. Azərbaycan KP MK Bürosunun və Katibliyinin hər bir iclasında qərarların icrasının gedişi müzakirə edilərkən, iqtisadi inkişaf prosesləri müəyyənləşdirilərkən kadrların yeri və rolu məsələsinə ciddi fikir verilirdi.
Rayon və şəhər partiya komitələrinin, nazirlik və idarələrin kadrlarla işinə dair məsələləri kompleks halında öyrənmək və müzakirə etmək MK-nın fəaliyyətində ənənəyə çevrilmişdi. Kadrlarla iş məsələsini öyrənərkən və müzakirə edərkən nöqsanları sadalamaqla kifayətlənmir, onları aradan qaldırmaq üçün konkret təkliflər verilir, yollar göstərilirdi. Heydər Əliyevin bu tələbkarlığı yerlərdə partiya və sovet orqanlarını kadr problemlərinə daha çox fikir verməyə, bu məsələləri daha tez-tez müzakirə etməyə vadar edirdi.
AKP-nin 1971-ci ilin martında keçirilmiş XXVIII qurultayı da əvvəlki qurultaylardan kəskin surətdə fərqləndi. Prinsipial tənqid və özünütənqid ruhunda keçən qurultayda Azərbaycan SSR rəhbərliyinin 1969-cu ilin avqustundan ötən dövr ərzindəki siyasi və təşkilatçılıq işi yüksək qiymətləndirilməklə yanaşı, mövcud nöqsanlara da diqqət cəlb edildi, onların aradan qaldırılması yolları göstərildi, növbəti vəzifələr müəyyənləşdirildi.
Heydər Əliyev qurultaydakı məruzəsində açıqca bildirdi ki, elmi-texniki tərəqqini sürətləndirmədən, idarəetmə və planlaşdırma sistemini və metodlarını daha da təkmilləşdirmədən sənaye, kənd təsərrüfat istehsalının problemlərin həll etmək mümkün deyildir.
Qurultayda xüsusi vurğulandı ki, işin müvəffəqiyyəti, birinci növbədə, dəqiq və bacarıqlı rəhbərlikdən asılıdır. Hər bir işçi həyatla ayaqlaşmaq üçün daim təhsil almalı, yeni biliklərə yiyələnməli, özünün fəaliyyət metodlarını təkmilləşdirməlidir. Rəhbərlik etmək üçün hərtərəfli hazırlığa, yaxşı biliyə, geniş siyasi və mədəni görüş dairəsinə malik olmaq lazımdır. «İstehsalata bələd olmaq, iqtisadiyyat məsələlərindən, ictimai həyat proseslərindən və hadisələrindən yaxşıca baş açmaq lazımdır. Rəhbər işçinin sözü ilə işi bir olmalıdır, o, kütlələrlə sıx əlaqə yaratmalı, insanları sevməli, qayğıkeş və mehriban olmalıdır. Bu, kütlələr içərisində rəhbər işçinin böyük hörmət qazanmasının ən mühüm şərtlərindən biridir.
Heydər Əliyev texnoloji tərəqqinin idarəetmədə rolunun getdikcə artmasının əhəmiyyətini dərindən dərk edərək, avtomatlaşdırılmış sistemləri və hesablama texnikasını tətbiq etməklə, iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsinə nail olmağı tələb edir, yeni planlaşdırma, iqtisadi həvəsləndirmə metodlarına keçidi tezləşdirməyi tövsiyə edirdi.
İqtisadi-təsərrüfat vəzifələrinin həyata keçirilməsi xeyli dərəcədə partiya təşkilatlarının fəaliyyətindən, siyasi-ideoloji işin vəziyyətindən asılı idi. Bunu nəzərə alaraq, Heydər Əliyev Azərbaycan KP MK-nın təşkilatçılıq işini, siyasi işi yaxşılaşdırmaq, ideoloji işin təsirini güc-ləndirmək üçün mühüm və səmərəli tədbirlər həyata keçirirdi. Onun təklifi ilə Azərbaycan KP MK-nın 1971-ci ilin oktyabr plenumunda ideoloji işin gücləndirilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılmışdı. Heydər Əliyev çıxışında 1969-cu ilin yayından sonra siyasi, ideoloji, mədəni sahələrdə görülmüş işlərə yekun vuraraq, bu sahədə hələ də ciddi problemlərin olduğunu bildirdi. informasiya sahələrində, yaradıcılıq ittifaqlarının fəaliyyətində olan ciddi nöqsanlara və çatışmazlıqlara diqqəti cəlb edərək konkret faktlar göstərməklə vəziyyətin dözülməz olduğunu vurğuladı. Ali məktəblərdə dərin kök salmış korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin zəif aparıldığını, bu vəziyyətlə banşmayacağını bəyan etdi.
Onun ali məktəblərin fəaliyyətinə, kadr hazırlığının vəziyyətinə dair fikirləri respublikada geniş əks-səda doğurmuşdu. Azərbaycan xalqının milli mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının geniş analitik təhlilini verərək, bu sahələrdə də ciddi nöqsanların olduğunu konkret faktlarla göstərən Heydər Əliyev, ürək yanğısı ilə bildirirdi ki, Azərbaycan milli musiqi mədəniyyətinin, incəsənətin digər növlərinin əvvəlki dövrlərdə coşqun inkişafına baxmayaraq, son illərdə bu sahələrdə tənəzzül özünü göstərir, diqqəti cəlb edən irihəcmli opera, simfonik əsərlər az yazılır, müasir mövzuda heç bir sanballı milli opera əsəri yaradılmamışdır.
Əhaliyə mədəni-maarif xidməti, xüsusən kino xidməti sahəsində də çox ciddi problemlər olduğunu vurğulayan Heydər Əliyev bədii yaradıcılıq, qəzet və jurnalların fəaliyyəti barədə də bir sıra prinsipial iradlarını bildirdi.
İdeoloji işə həsr edilmiş plenumun yekunları respublika partiya təşkilatlarında, istehsal, mədəniyyət, təhsil müəssisələrində geniş müzakirə edilmişdi.
Həyatın gedişi qarşıya yeni problemlər çıxarır, görülən işlərin miqyasını genişləndirməyi tələb edirdi. Respublika iqtisadiyyatının, mədəniyyətinin aktual məsələləri MK plenumlarında, bürosunda, katibliyində mütəmadi müzakirə edilir, müvafiq qərarlar qəbul edilirdi. 1973- cü ilin fevralında Azərbaycan KP MK plenumunda respublika xalq təsərrüfatam vəziyyəti geniş müzakirə olundu, nöqsanlar üzə çıxarıldı. Bunların səbəblərindən biri də həmin sahələrə rəhbərlik edən şəxslərin fəaliyyətindəki qüsurlar və nöqsanlarla, tapşırılan işə məsuliyyətsizliklə bağlı idi. Doğrudur, vəziyyəti düzəltmək üçün respublika hökuməti səviyyəsində müəyyən tədbirlər görülmüş, bu sahələrə rəhbərlik gücləndirilmişdi. 1974-cü ilin iyulunda Azərbaycan KP MK plenumunda əhaliyə ticarət və məişət xidmətini yaxşılaşdırmaq üçün konkret tədbirlər müəyyənləşdirilmişdi. Lakin bu sahədə nöqsanlar yenə də qalmaqda idi. 1975-ci il iyul plenumundakı məruzəsində Heydər Əliyev xidmət sahəsi nazirlikləri və idarələrini, partiya komitələrini yarıtmaz işinə görə kəskin tənqid etdi. O, açıq şəkildə belə bir faktın dözülməz olduğunu bildirdi ki, hər yeni seçilən rayon və ya şəhər partiya komitəsinin birinci katibi öz fəaliyyətinə xidmət sahəsindəki rəhbər işçiləri ucdantutma dəyişdirməklə başlayır, həm də özlərini ləkələyən şəxslərlə yanaşı, yaxşı rəhbər işçilər də vəzifədən azad olunurlar.
O bu sahədəki rəhbər kadrların fəaliyyətinə qiymət verilməsində lazımi kəskinliyin olmadığını, ləkəli işçilərin məsuliyyətdən yaxa qurtardığını, dəfələrlə olan göstərişlərə baxmayaraq, ticarət və məişət xidməti müəssisələrinin işinə ciddi nəzarət edilmədiyini bir daha xüsusi olaraq qeyd etdi [5, s.42-43].
Heydər Əliyev hər çıxışında məsələnin birbaşa kadrların, rəhbər işçilərin fəaliyyətindən asılı olduğuna diqqəti cəlb edir, onların məsuliyyəti məsələsini ön plana çəkirdi. Azərbaycan KP MK Bürosunun və Katibliyinin iclaslarında kadrlarla bağlı məsələlər müntəzəm olaraq müzakirəyə çıxarılırdı. MK-da ayrı-ayrı partiya komitələri, nazirlik və idarələrin kadrlarla apardığı işlər öyrənilir, rayon və şəhər partiya komitələrində, idarə və müəssisələrin partiya təşkilatlarında kadrlarla işin vəziyyəti müzakirə edilirdi.
Lakin kadrlarla iş sahəsindəki nöqsanlar və qüsurlar hələ də aradan qaldırılmamışdı. Buna görə də bu məsələni 1975-ci il iyulun 30-da Azərbaycan KP MK plenumunda daha geniş şəkildə müzakirə etmək qərarlaşdırılmışdı və belə bir plenum keçirilmişdi. Plenumda Heydər Əliyev kadrların seçilməsini, yerləşdirilməsini və tərbiyə edilməsini daha da yaxşılaşdırmaq sahəsində respublika partiya təşkilatının vəzifələri haqqında məruzəsində konkret rəqəmlər əsasında bildirdi ki, bütün səviyyələrdə və bütün mərhələlərdə kadrlarla işin kökündən yaxşılaşdırılması 1976-1980-ci illərdə ölkə iqtisadiyyatındakı uğurların möhkəm zəmini olmuşdur.
Bununla belə, o, təşkilatçılıq, idarəetmə və kadr işində hələ də çox ciddi nöqsanların, həll edilməmiş məsələlərin olduğunu qeyd etdi.
Açıq şəkildə bildirdi ki, aparılan böyük işə baxmayaraq, kadrların tərbiyəsi sahəsində keçmişin səhv və qüsurları heç də tamamilə aradan qaldırılmamışdır: «Bu səhv və qüsurlar məsul vəzifələrdə çalışan adamların xeyli qisminin şüuruna ərp kimi çökmüşdür və bu, istər-istəməz təmizləmə prosesini ləngidir» [5, s.15]. Digər tərəfdən, bir müddət əvvəl rəhbər işə keçmiş ayrı-ayrı şəxslərin yanlış yola yuvarlandıqları, inzibatçılıq və vəzifəsindən sui-istifadə etməyə başladıqları kimi faktlar da xatırladıldı.
Heydər Əliyev şəhər və rayon partiya komitələri birinci katiblərinin tərkibinin möhkəmləndirilməsinə birinci dərəcədə əhəmiyyət verirdi, çünki «şəhər və ya rayon həyatının bütün sahələrinə partiya rəhbərliyinin səviyyəsi xeyli dərəcədə onların fəaliyyətindən asılı idi» [5, s.16].
Heydər Əliyevin 1969-cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət öz bəhrəsini verirdi. Azərbaycan SSR-də sənaye və kənd təsərrüfatı sahələrində uzun müddət davam etmiş geriliyə 1976-1980-ci illərdə son qoyuldu, iqtisadiyyatın sürətli inkişafı təmin edildi.
Görülmüş işlərə Azərbaycan KP-nin 1976-cı il yanvarın 28-də keçirilmiş XXIX qurultayında yekun vuruldu. Heydər Əliyevin hesabat məruzəsində deyildiyi kimi, görülmüş böyük təşkilatçılıq işi və siyasi iş sayəsində əsas ictimai-iqtisadi vəzifələr və respublika qarşısında qoyulan konkret tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmişdi. İqtisadiyyatın illər boyu davam etmiş geriliyinə nəinki son qoyulmuş, həm də xalq təsərrüfatının respublikanın tarixində misli görünməmiş yüksək sürətlə inkişafına nail olunmuşdu. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-də partiya, dövlət və plan intizamını möhkəmlətmək, kadrlara tələbkarlığı artırmaq, təşkilatçılıq və siyasi işi təkmilləşdirmək sahəsində görülən işlər, eləcə də bütün sahələrdə işin əsaslı şəkildə yenidən qurulması, nöqsan-lara qarşı mübarizə əhalinin siyasi və əmək fəallığının yüksəlişinə səbəb olmuş, respublikada sağlam, işgüzar mənəvi-siyasi iqlim yaranmışdı [4, s.8]. Respublikada dövlət idarəçiliyinin bütün səviyyələrində və sahələrində məsuliyyət, işə sədaqətlə yanaşma hökm sürürdü, rəhbər işçilər arasında intriqa, dedi-qodu, dəstəbazlıq kimi zərərli hallar aradan qaldırılmışdı. Heydər Əliyev əminliklə bildirirdi ki, biz, rəhbər işçilər arasında vaxtilə mövcud olmuş bütün qeyri-sağlam halların kökünü kəsmişik və bu cür hadisələrin təkrar edilməsinə heç vaxt yol verməyəcəyik.
Bu, hər şeydən əvvəl, Heydər Əliyevin nöqsanların və geriliyin aradan qaldırılması sahəsində gərgin mübarizəsinin və əməli fəaliyyətinin nəticəsi idi. Bir müddət sonra, 1976-cı ilin martında Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi onun Azərbaycan SSR-də qazandığı uğurlu nəticələrə SSRİ-i rəhbərliyi səviyyəsində verilən qiymətin təzahürü oldu.
Bazar iqtisadiyyatı qanunlarının işləmədiyi, təsərrüfatın pul- əmtəə münasibətləri ilə deyil, partiya-dövlət direktivləri əsasında idarə edildiyi planlı sovet iqtisadiyyatı şəraitində istehsalın səmərəliliyi, məhsulun keyfiyyəti məsələləri mühüm iqtisadi problem olaraq qalırdı. Heydər Əliyev aydın şəkildə dərk edirdi ki, belə şəraitdə bütün mümkün imkanlardan, mövcud siyasi-iqtisadi idarəetmə vasitələri və metodlarından maksimum istifadə edərək, bu sahədə ciddi dəyişikliklərə nail olmaq lazımdır. Məhz bu amilləri nəzərə alaraq, Heydər Əliyev Azərbaycan KP MK-nın 1976-cı ilin dekabrında keçirilmiş plenumunun gündəliyinə istehsalın səmərəliliyini artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq məsələsini daxil etməyi zəruri bilmişdi. Plenumundakı məruzəsində o, partiya təşkilatlarından, sənaye müəssisələrindən, təsərrüfat və istehsal kollektivlərindən məhsulun keyfiyyətinin yüksəldilməsi işinə daha çox diqqət yetirməyi tələb edərək, bu sahədə dönüş yaratmağı əsas vəzifə kimi müəyyənləşdirdi. Azərbaycan SSR-də buraxılan məhsulun keyfiyyəti ilə bağlı həm respublikanın daxilindən, həm də digər müttəfiq respublikalardan çoxsaylı şikayətlər daxil olurdu. Başqa respublikalarla müqayisədə Azərbaycan SSR istehsalı olan mallar keyfiyyətinə görə çox geri qalırdı, müəssisələrin cəmi 10 faizə qədəri keyfiyyət nişanlı məhsul buraxırdı. Bu məsələ hələ 1976-cı ilin avqustunda Azərbaycan KP MK-da keçirilmiş müşavirədə müzakirə edilmiş, bir çox nazirlik və idarələrin yarıtmaz işi kəskin tənqid edilmişdi.
Heydər Əliyev bütün fəaliyyətində, siyasətində Azərbaycan SSR- in gələcək inkişaf perspektivlərini nəzərə alırdı. Lakin respublika iqtisadiyyatının bir çox məsələlərinin həlli Mərkəzi hökumətin qərarlarından asılı idi. Bunu aydın dərk edən Heydər Əliyev hələ respublika rəhbərliyinə yenicə başladığı ilk illərdə ittifaq rəhbərliyi qarşısında respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra məsələlər qaldırmış, Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycan SSR-lə bağlı prinsipial qərarlar qəbul etməsinə nail olmuşdu [2].
Azərbaycan KP XXIX qurultayından sonra Heydər Əliyevin təşəbbüsü ilə respublikanın inkişaf perspektivləri ilə bağlı yeni tədbirlər və təkliflər kompleksi hazırlanaraq Mərkəzə təqdim olundu. Nəticədə 1976-cı il iyulun 27-də Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin «1976-1980-ci illərdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişafına dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsinin nəticələri barədə» birgə qərarı qəbul edildi. Qərarda 1976- 1980-ci illərdə Azərbaycan SSR-də yeni istehsal müəssisələrinin tikilməsi, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və yenidən qurulması, onların yeni texnika ilə təchiz edilməsi nəzərdə tutulurdu. Bu qərardan irəli gələn vəzifələr Azərbaycan KP MK-nın 1976-cı il 18 oktyabr tarixli plenumunda müzakirə edildi və konkret tədbirlərin həyata keçirilməsi müəyyənləşdirildi.
Heydər Əliyev siyasi və iqtisadi vəzifələrin yerinə yetirilməsində ideoloji-mənəvi amilləri idarəetmənin mühüm cəhəti hesab edirdi. Buna görə də mənəvi tərbiyə məsələləri partiya, sovet, təsərrüfat orqanlarının əsas diqqət yetirməli olduğu məsələ kimi qarşıya qoyurdu. O, kütlələrlə əlaqələrin daim genişləndirilməsinə böyük əhəmiyyət verir, geniş xalq kütləsini ictimai işlərə, dövlət işlərinə, idarəçiliyə daha fəal cəlb etmək üçün müxtəlif formalardan istifadə olunmasını tövsiyə edirdi. O vaxt Azərbaycan SSR-də mənəvi tərbiyə məsələlərinə böyük diqqət yetirilirdi. 1979-cu ilin aprelində «Fəal həyat mövqeyinin formalaşdırılması; mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri» mövzusunda Ümumittifaq elmi-praktik konfransının də məhz Bakıda keçirilməsi Azərbaycan SSR-də bu sahədə toplanmış müsbət təcrübənin təsdiqi idi. Konfransda 12 bölmənin iclasında 6 mindən çox adam iştirak etmiş, 300-dən çox məruzə dinlənilmişdi. Mənəvi tərbiyənin, fəal həyat mövqeyi formalaşdırılmasının ən aktual məsələləri təhlil edilmiş, Azərbaycan SSR-də toplanmış zəngin təcrübə ümumiləşdirilmişdi.
Heydər Əliyev həmişə çalışırdı ki, respublikanın dövlət orqanları tərəfindən qəbul edilən qərarlar yalnız direktiv qüvvəsinə deyil, həm də mənəvi qüvvəyə malik olsun, ictimai rəyə fəal təsir göstərsin. O, qərarların qəbulunda, idarəetmədə ictimai rəyin əhəmiyyətini daim vurğulayır, ona görə də ictimai rəyin müntəzəm öyrənilməsini və nəzərə alınmasını tövsiyə edirdi.
Respublikanın qarşısında qoyulmuş vəzifələrin, öhdəliklərin yerinə yetirilməsi təşkilatçılıq işinin, idarəetmənin daim təkmilləşdirilməsini, dövlət intizamının daha da möhkəmləndirilməsini tələb edirdi. Azərbaycan KP MK-nın 1980-ci il fevral plenumunda Heydər Əliyev bu sahədəki vəzifələri təhlil edərək, konkret tədbirlər müəyyənləşdirmişdi.

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİ
Heydər Əliyevin başçılığı ilə həyatın bütün sahələrində baş vermiş dəyişikliklərin nəticələri 1976-1980-ci illərə dair dövlət planlarının yerinə yetirilməsində özünü göstərdi.
Heydər Əliyev Azərbaycan KP MK-nın 1981-ci il may, dekabr, 1982-ci il mart, may, iyun, oktyabr plenumlarında, müxtəlif səviyyəli müşavirə və yığıncaqlarda, MK Bürosunun iclaslarında respublikanın sosial-iqtisadi, mədəni inkişaf problemləri, idarəçilik, təşkilatçılıq işi, kadr siyasəti sahəsində mövcud vəziyyətin dərin təhlilini vermiş, problemlərə diqqət yetirmiş, onların aradan qaldırılması üçün konkret yollar və vasitələr göstərmişdi. 1982-ci ilin noyabrında Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilməsi görkəmli siyasi və dövlət xadiminin doğma Azərbaycan SSR-i tərəqqi və intibah yoluna çıxarmaq sahəsində gördüyü misilsiz işlərin məntiqi nəticəsi, belə bir şəxsiyyətin Sovetlər İttifaqının rəhbərliyində təmsil edilməsinə ehtiyacın olmasının rəsmi səviyyədə təsdiqi idi.
Beləliklə, 1969-1982-ci illərdə Azərbaycan SSR Heydər Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf etmiş, həyatın bütün sahələrində yüksək nailiyyətlər əldə etmişdir. Bu uğurların əsas səbəblərindən biri Heydər Əliyevin bu illər ərzində siyasi rəhbərlik və təşkilatçılıq işi, kadrlarla iş sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar olmuşdur. Həmin dövrdə partiya, sovet, təsərrüfat orqanlarının fəaliyyət metodlarınııı təkmilləşdirilməsinə, iş üslubunun yaxşılaşdırılmasına, respublikanın rəhbər orqanlarının çoxcəhətli və səmərəli fəaliyyət göstərməsinə daim diqqət yetirilmiş, iqtisadi, mədəni və tərbiyə məsələlərinin kompleks həllinə nail olunmuşdu. Əldə edilmiş nailiyyətlərin əsas şərtlərindən biri də Heydər Əliyevin həyata keçirdiyi kadr sivasəti olmuşdur.
Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlər milli dövlətçilik baxımından xüsusi əhəmiyyətə malikdir. Həmin illərdə ulu öndərin yürütdüyü uzaqgörən kadr siyasəti nəticə etibarı ilə bugünkü müstəqil Azərbaycanın güclü milli kadrların yetişməsinə və kadr potensialının yüksək olmasına xidmət edirdi. Ulu öndər yüksək idarəetmə postlarına azərbaycanlıları çəkməklə milliləşdirmə siyasətini yürüdür, elə hakimiyyətinin ilk dövründən milli kadrlara üstünlük verirdi.
Heydər Əliyev hakimiyyətə gələnə qədər yüksək vəzifələrdə azərbaycanlı kadrlar yox dərəcəsində idi. Eləcə də Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin nəzdində də azərbaycanlı kadrları yox idi. Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər gələndən sonra komitədə milli kadrların sayı artmağa başladı. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycanın ən ağır vəziyyətində rəhbərliyə gəlmiş və bu çətin vəziyyətin xilas yollarını müəyyənləşdirmişdir.
Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətinin üzə çıxarılması, adlarının əbədiləşdirilməsi, ən yüksək səviyyələrdə yubileylərinin keçirilməsi onun şəxsi təşəbbüsü, böyük və tarixi xidmətidir.
1970-1980-ci illərin əvvəllərində ali təhsil sahəsində yaranan fundamental maddi-texniki baza, mütərəqqi ənənələr müasir ali təhsilimizin möhkəm bünövrəsini təşkil edir. 1970-ci ildə ali təhsilli ixtisaslı kadrların sayı respublikada iki dəfə artmışdı. O dövrdə yüksəkixtisaslı kadrların böyük bir hissəsini ali təhsilli kadrlar təşkil edirdilər. Məsələn, 1978-ci ildə onlar ümumi sayın 46 faizini təşkil edirdilər (104 min nəfər). Həmin dövrdə hər il yüzlərlə azərbaycanlı gənc qız təhsil almaq üçün keçmiş İttifaqın qabaqcıl ali məktəblərinə göndərilirdi. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdi. Bütün bunlar respublika rəhbərinin Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının təzahürü idi. Onu da qeyd etməliyik ki, müasir dövrdə, müstəqillik şəraitində Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi məhz 1969-1982-ci illərdə təhsil, elm sahəsində aparılan səmərəli fəaliyyətin nəticəsidir. Bunlar Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərmişdir. Etiraf etməliyik ki, 1970-1985-ci illər Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri olmuşdur. Həmin vaxtda yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında davamlı inkişafın idarə olunması və bu sahədə uğurların əldə edilməsi ilə bağlı ardıcıl siyasət aparılmağa başlandı. Cəmiyyətin bütün sferalarında davamlı inkişafın təmin edilməsi üçün ulu öndər dövlət siyasətinin istiqamətlərini müəyyən etməklə yanaşı, əhalinin böyük əksəriyyətini təşkil edən gənclərin də üzərinə bir sıra vəzifələr qoydu. Məhz bu məqsədlə Azərbaycanda dövlət gənclər siyasəti həyata keçirilməyə başlandı və bu siyasət ölkədə kadr potensialının formalaşdırılması üçün mühüm bir mexanizmə çevrildi. Heydər Əliyev gənclərin ideya-siyasi, mənəvi tərbiyəsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, azərbaycanlı hərbçi kadrların yetişməsinə xüsusi diqqət və qayğı göstərirdi.
Ulu öndər xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət qulluğu üçün milli kadrların hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirdi. Müdrik rəhbərin idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı müsbət əhval-ruhiyyəni daha da gücləndirirdi. Ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan verdi. Məmurlarda məsuliyyəti, dövlət strukturlarında şəffaflıq və hesabatlılığı gücləndirdi.
Heydər Əliyev müstəqillik dövrünün 1993-2003-cü illəri əhatə edən keçid mərhələsində Azərbaycanın milli inkişaf siyasətinin həm nəzəri əsasını qoydu, həm də onu praktiki şəkildə reallaşdıraraq dövlət müstəqilliyinin dönməzliyini təmin etdi [11].
Kadr siyasəti o zaman dövlət siyasətinə çevrilir ki, onun konseptual və təşkilatı əsasları, kadr münasibətləri dövlətin və onun orqanlarının normativ-hüquqi aktlarında rəsmi təsbit olunur. Bu səviyyədə kadr münasibətləri kadr məsələlərinin həllində hüquq, vəzifə və məsuliyyət əldə edən tərəfləri - münasibətlərinin hüquq normaları ilə tənzimlədiyi kadr hüquq münasibətlərinə keçir.
Azərbaycanda kadr siyasəti peşəkarlıq və xalqa xidmət meyarları üzərində qurulub. Bu baxımdan müasir və demokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin baş memarıdır. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Qeyri-peşəkar kadrların yüksək ixtisaslı, təcrübəli mütəxəssislərlə əvəz edilməsi də dövlət quruculuğu sahəsində böyük irəliləyişin təmin edilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, işgüzar, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır.
Qeyd etmək lazımdır ki, qazanılmış uğurlarda prezident İlham Əliyevin apardığı düzgün kadr siyasəti və idarəçilik metodu da mühüm rol oynamışdır. Belə ki, kadrların seçilməsi və yerləşdirilməsinə önəmli əhəmiyyət verən ölkə başçısı daim bu sahəni diqqətdə saxlamışdır.
Bu gün Prezident İlham Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi struktur islahatları nəticəsində yenilikçi, müasir düşüncəli kadrlar ölkədə mühüm vəzifələrə təyin edilir. Ölkəmizin başçısı birmənalı olaraq bildirir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir [12].
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşdırılıb. Xüsusilə yeni dövlət idarəçiliyinin tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezidentin kadr siyasətinin əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir.
Prezident yeni çağırışların tələbinə uyğun olaraq müasir təfəkkürlü, inkişafa meyilli kadrları, xüsusilə əməli işi ilə bunu göstərən şəxsləri vəzifəyə təyin edir. Həqiqətən də dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz kadr islahalarındakı tərəqqi hesabına əldə edilib [6].
Dövlət başçısı tərəfindən aparılan kadr islahatları ordu strukturları və prokurorluq orqanları ilə yanaşı, Prezidentin işğaldan azad olunan regionlara xüsusi nümayəndələrini və bir sıra rayonların yerli icra hakimiyyəti başçıları vəzifələrinə təyinatları əhatə edir. Beləliklə, ölkədə mühüm inzibati-siyasi vəzifələr üzrə kadr korpusu əhəmiyyətli dərəcədə yenilənib.
Bütün islahatlar zamanı Prezident İlham Əliyev ilk növbədə xalqın və dövlətin maraqlarını, milli mənafeyi nəzərə alır. Azərbaycanı tarixinin qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev bu gün kadr və struktur islahatları ilə daha çevik idarəçilik mexanizmi formalaşdırır. Bu səmərəli mexanizmin inkişaf etdirilməsi daha qüdrətli Azərbaycan deməkdir.
Abduləli Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru

Paylaş
Xəbər lentİ