Əhaliyə qarşı dəhşətli ərzaq cinayəti – inkubasiyadan qayıtmış yumurtalar pərakəndə satışa yönəldilir...

Oxunma sayı: 667
20-04-2019, 03:03

Əhaliyə qarşı dəhşətli ərzaq cinayəti – inkubasiyadan qayıtmış yumurtalar pərakəndə satışa yönəldilir...
“Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı qəti tədbirlər görməlidir, yoxsa gec olacaq”
img
Ən çox istifadə edilən qidalardan biri də yumurtadır. Demək olar ki, əksər yeməklərin hazırlanmasında ondan istifadə edirlər. Azərbaycanda əhalinin qida rasionunda yumurta mühüm çəkiyə malikdir. Bir sıra şirniyyatların hazırlanmasından tutmuş, digər müxtəlif qidalara qədər yumurtalardan geniş istifadə edilir. Bununla belə, sözügedən məhsul aztəminatlı ailələrin qida rasionunda mühüm çəkiyə malikdir. Məlumat üçün onu da qeyd edək ki, 7 günə qədər olan yumurtalar dietik yumurta adlanır və onların qiyməti adətən daha yüksək olur. 7 gündən sonra isə adi mətbəx yumurtası adlanır.

O da məlumdur ki, zaman-zaman bazarlarda saxta, köhnə və keyfiyyətsiz yumurtaların satışı müzakirə mövzusu olur. Bununla bağlı əsaslı şikayətlər səslənir. Görürsən ki, xaricdən gətirilən yumurta yerli yumurta adı ilə satılır. Yaxud da istehlakçılar aldadılaraq onlara inkubator yumurtası kənd yumurtası əvəzinə verilir. Standartlara görə, yumurtanın üzərində onun buraxılma tarixi qeyd edilməlidir. Çox vaxt buna da əməl edilmir və nəticədə yumurtanın mənşəyi bilinmir. Belə hallar da dəfələrlə müşahidə olunub.

Bu arada növbəti dəfə sözügedən məsələ aktuallaşmağa başlayıb. Məlumata görə, aprel ayında keyfiyyətsiz yumurta satışının artması heç də təsadüfi deyil. Ay ərzində belə neqativ halların daha da artacağı gözlənir. Bu onunla əlaqələndirilir ki, aprel ayı inkubator mövsümüdür. Cücə çıxarmaq üçün minlərlə yumurta inkubator sexlərinə verilir. Həmin yumurtaların heç də hamısından cücə cıxmır. Adicə kənddə təbii şəraitdə belə, toyuq yumurtaların üstündə kürt oturanda heç də onların hamısından cücə çıxmır. Bir sıra hallarda 15 yumurtadan üçündən (bəzən daha çox) cücə çıxmır. Adətən həmin yumurtalar atılır. Özü də belə yumurtalar xarab olmaqla yanaşı, çox pis qoxuya malik olur. İnkibator sexlərində isə belə yumurtaların sayı daha çox olur. Hansı ki, onlardan cücə çıxmır. Məlumata görə, həmin yararlı olmayan yumurtalar təzə yumurtalara qarışdırılaraq satışa yönəldilir. Nəticədə hər satılan 30 yumurtadan 3-4-ü keyfiyyətsiz olur. Bu səbəbdən son vaxtlar bazarlarda yararsız və keyfiyyətsiz yumurtalar artıb. Onu da qeyd edək ki, cücə çıxarmaq üçün mayalı yumurtalardan istifadə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da sözügedən iddiaları təsdiqləyib: “Aprel ayı broylerin inkubator mövsümüdür. Cücə əldə etmək istəyən fermerlər yumurtaları cücə çıxartması üçün inkubatorlara müraciət edirlər. 3 gündən sonra yumurtaların neçəsindən cücə çıxmayacağı bəlli olur. Bu müddətdən sonra cücə çıxarmaq üçün yararsız olan yumurtalar satışa buraxılır. Amma onlar artıq temperatura məruz qaldıqları üçün olduqca keyfiyyətsiz və təhlükəli olurlar”.

Göründüyü kimi, sözügedən problem ciddidir. Bununla bağlı müvafiq tədbirlər görülməsə, bunun çox mənfi fəsadları ola bilər. O baxımdan yaranan vəziyyətdən çıxış yolunu ekspertlər nədə görürlər?

Rəsul Cahangirli: “İnkubator sexlərində yararsız olan bu cür yumurtaların realizə olunması barədə deyilənlər həqiqət ola bilər”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu kimi məlumatlarda həqiqət ehtimalı böyükdür: “Çünki məhz yaz mövsümündə keyfiyyətsiz yumurtalar daha çox istehlakçılara satılır. Məsələ ondadır ki, qış fəslindən sonra təbii şəraitdə yumurta istehsalı artır. Havalar istiləşdiyi üçün həyət şəraitində saxlanan toyuqlar daha çox yumurta qoyur. Bu zaman həmin yumurtaların bir qismi satışa çıxarılır. Adətən bu mövsümdə cücə istehsalı üçün həyət yumurtalarına daha çox önəm verilir. Çünki həmin yumurtadan əldə olunan cücənin əti daha keyfiyyətli olur. Bu da, nəticə etibarilə, həyət yumurtalarına tələbatın artmasına gətirib çıxarır. Ona görə də yaranan vəziyyətdən sui-istifadə edən işbazlar keyfiyyətsiz yumurtaları müxtəlif ad altında əhaliyə satırlar. İnkubator sexlərində yararsız olan bu cür yumurtaların realizə olunması barədə deyilənlər həqiqət ola bilər. Çünki son vaxtlar həqiqətən də əhali arasında keyfiyyətsiz yumurtalarla bağlı söz-söhbətlər artır. Ancaq belə yumurtaların satışının qarşısı alınmasa, bunun çox təhlükəli nəticələri ola bilər. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı qəti tədbirlər görməlidir, yoxsa gec olacaq. Ancaq çox təəssüflər olsun ki, qurumun timsalında biz bunu görmürük. Bununla bağlı necə mübarizə aparmağın mexanizmi ortada yoxdur. Hər hansı fəaliyyət proqramına malik deyil. Baxmayaraq ki, əhaliyə keyfiyyətsiz yumurtanın satılması problemi neçə illərdir mövcuddur. Bununla yanaşı, hesab edirəm ki, istehlakçılar sözügedən məsələ ilə bağlı maarifləndirilməlidirlər. Yəni ayıq-sayıq olsunlar, belə yumurtaları digərlərindən ayırd edə bilsinlər”.

Paylaş
Xəbər lentİ