Jurnalist şantaj olunur, adından tanışlıq səhifələri açılıb

Oxunma sayı: 444
21-07-2020, 04:09

Jurnalist şantaj olunur, adından tanışlıq səhifələri açılıb
O, Prezientə və Birinci vitse-prezidentə müraciət edib

Sosial şəbəkələrdə jurnalist İradə Cəlilin adına tanışlıq adı altında saxta səhifələr açılıb.

Bu barədə Arqument.az-a İradə Cəlil məlumat verib.

Jurnalistin verdiyi məlumata görə, dünən onun adından açılan səhifədə 30-40 yaşlarında əks-cinsin nümayəndələri ilə tanış olduğu barədə məlumatlar yerləşdirilib. Hətta səhifədə tanış olmaq istəyən kişilərə jurnalistlə əlaqə saxlamaq üçün vatsap əlaqə nömrəsi belə yerləşdirilib.

Bu sosial şəbəkələrdə İradə Cəlilin adına açılan saxta profillərdən biridir. İndiyədək, jurnalistin adına vətən xaini olduğunu, cəsusluq etdiyini əks etdirən müxtəlif səhifələr açılıb.



İradə Cəlil deyir ki, onun şərəf və ləyaqətini alçaldan, peşə fəaliyyətinə xələl gətirən səhifələrin açılması ilə bağlı dəfələrlə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etməsinə baxmayaraq bu səhifələri açan şəxs və şəxslər tapılaraq hüquqi baxımdan barələrində ölçü götürülməyib.

Jurnalist hüquq mühafizə orqanlarının müraciətə biganə yanaşdığını söyləyir: "İndiyə qədər adıma açılan səhifələrdə mənim "Vətən xaini" və "cəsus" olduğum barədə təhqiredici məlumatlar yerləşdirilirdi. Dünəndən isə mənim adıma əks cinsin nümayəndələri ilə tanışlıqla bağlı səhifə açılıb. Şəxsi mobil nömrəm isə əlaqə məqsədilə səhifəyə yerləşdirilib. Çox təəssüf ki, dəfələrlə etdiyim şikayətlərə baxmayaraq, bu cinayəti törədən şəxs hələ də tapılmayıb. Mən isə sadaladığım qurumlara qalaq-qalaq şikayət məktubu göndərmişəm. Artıq bir jurnalist olaraq məndə belə təəsürat yaranır ki, ya ölkəmizdə qanunsuzluq hökm sürür, yaxud da bu cinayəti və namussuzluğu edən şəxslər hüquq mühafizə orqanlarının yüksək çinli məmurlarının himayəsində olduqlarından onlara toxunan yoxdur. Dünən etdikləri isə şərəfsizliyin və namussuzluğun son həddidir. Bu mənə və ailəmə edilən təhqirdir! Artıq şəxsiyyətimə qarşı edilən bu əxlaqsızlıqlara dözə bilmirəm! Ümidim yenə də möhtərəm prezidentimiz İlham Əliyevə və Azərbaycan vətəndaşlarının, qadınlarının arxa-dayağı olan Mehriban xanım Əliyevayadır. Ümid edirəm ki, Birinci vitse-prezidentin müdaxiləsindən sonra hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşacaqlar”.

Qeyd edək ki, İradə Cəlil ailəlidir, iki övladı var. (Cebhe.info)

Paylaş
Xəbər lentİ